"Müasir müharibələrdə əsas rolu döyüş təcrübəsi oynayır" - Şair Ramaldanov

15:41 16.04.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qlobal hərbi güc göstəricilərini əks etdirən beynəlxalq reytinqlərdən biri olan “Global Firepower” hesabatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələri dünya üzrə 53-cü yerdə qərarlaşıb. Bu göstərici ölkələrin hərbi aviasiya potensialını əsasən texniki imkanlar və aviasiya vasitələrinin sayına görə qiymətləndirir. Bununla yanaşı, son illərdə Azərbaycanda Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, texniki təminatın gücləndirilməsi və pilotsuz uçuş sistemlərinin geniş tətbiqi istiqamətində mühüm addımlar atılır.

Hafta.az-ın müsahibi ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovdur.

- Məlum olduğu kimi, “Global Firepower” reytinqinə əsasən, Azərbaycan Hərbi Hava Qüvvələri dünyada 53-cü yerdədir. Bu göstəricini necə qiymətləndirirsiniz?

- Bu reytinq ümumi hərbi potensialın statistik göstəricilərinə əsaslanır və burada əsasən texnikanın say göstəricisi nəzərə alınır. Azərbaycan isə daha çox keyfiyyət və effektivlik prinsipinə əsaslanan model seçib. Azərbaycan Hava qüvvələrinin 53-cü yerdə qərarlaşması yüksək göstəricidir. Amma 53-cü yer Azərbaycanın real hərbi imkanlarını tam əks etdirmir. Çünki müasir müharibələrdə əsas rol təkcə say deyil, texnologiya, idarəetmə və döyüş təcrübəsi oynayır.

- Son illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində hansı əsas addımlar atılıb?

- Bu sahədə kompleks yanaşma müşahidə olunmaqdadır. Bir tərəfdən mövcud aviasiya parkı modernləşdirilir, digər tərəfdən isə yeni nəsil texnologiyalar, xüsusilə pilotsuz uçuş aparatları geniş şəkildə tətbiq olunur. Eyni zamanda, hava hücumundan müdafiə sistemləri ilə inteqrasiya gücləndirilir. Bu isə Hərbi Hava Qüvvələrinin operativ imkanlarını əhəmiyyətli dərəcədə artırır.

- Azərbaycan Hərbi Hava Qüvvələrini regionda güclü edən əsas amillər hansılardır?

- Burada üç əsas amili qeyd etmək olar: Birincisi, döyüş təcrübəsi - xüsusilə İkinci Qarabağ müharibəsi zamanı əldə edilən praktiki təcrübə. İkincisi, texnoloji üstünlük - pilotsuz sistemlərin effektiv istifadəsi. Üçüncüsü isə kadr potensialıdır - peşəkar pilotlar və komanda heyəti. Bu amillərin sintezi Azərbaycan Hərbi Hava Qüvvələrini regionda rəqabətədavamlı və çevik qüvvəyə çevirir.

- Beynəlxalq əməkdaşlıq bu inkişafda hansı rolu oynayır?

- Beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Türkiyə ilə birgə təlimlər və hərbi-texniki əməkdaşlıq Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafında mühüm rol oynayır. Türkiyə ordusunun NATO standartlarına uyğun təcrübəsi Azərbaycanın hərbi sisteminə də inteqrasiya olunur. Eyni zamanda Pakistan ilə əməkdaşlıq da aviasiya sahəsində yeni imkanlar açır.

- Gələcəkdə Azərbaycan Hərbi Hava Qüvvələrinin daha yüksək mövqelərə yüksəlməsi üçün nə tələb olunur?

- Bunun üçün əsas istiqamətlər pilotsuz sistemlərin daha da inkişafı, yeni nəsil döyüş aviasiyasının əldə olunması, yerli müdafiə sənayesinin gücləndirilməsi və kadr hazırlığının davamlı təkmilləşdirilməsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilir və perspektivdə Azərbaycanın daha yüksək reytinqlərə yüksəlməsi real görünür.

- Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri kimi formalaşıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordunun bütün sahələri, o cümlədən Hərbi Hava Qüvvələri müasir texnologiyalarla təchiz olunur və davamlı şəkildə inkişaf etdirilir. Bu gün hərbi aviasiya sahəsində həm texniki təminat, həm də döyüş qabiliyyəti yüksək səviyyədədir.

- Pilotların hazırlıq səviyyəsi barədə nə deyə bilərsiniz?

- Pilotların peşəkarlığı Hərbi Hava Qüvvələrinin əsas dayaqlarından biridir. Üç və daha çox praktik uçuş təcrübəsinə malik pilotların mövcudluğu bu sahəyə göstərilən diqqətin nəticəsidir. Pilot hazırlığında müasir tədris texnologiyaları tətbiq olunur, praktiki təlimlər genişləndirilir. Bu proses Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən hərbi ali məktəblərdə həyata keçirilir. Nəticədə Azərbaycan pilotları yüksək ixtisaslı və peşəkar kadrlar kimi formalaşır.

- Döyüş təcrübəsinin bu sahənin inkişafına təsiri necədir?

- Döyüş təcrübəsi bu sahədə həlledici rol oynayır. Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı əldə olunan təcrübə həm pilotların, həm də ümumilikdə Hərbi Hava Qüvvələrinin inkişafına ciddi təkan verdi. Bu gün orduda həmin müharibədə iştirak etmiş, real döyüş şəraitində təcrübə qazanmış pilot və zabitlər xidmət edir ki, bu da ümumi döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırır.

- Beynəlxalq əməkdaşlıq və birgə təlimlərin rolu nə dərəcədə önəmlidir?

- Beynəlxalq əməkdaşlıq bu sahənin inkişafında mühüm yer tutur. Xüsusilə qardaş Türkiyə ilə keçirilən birgə təlimlər Azərbaycan pilotlarının peşəkarlığının artmasına böyük töhfə verir. Türkiyə Silahlı Qüvvələrinin NATO çərçivəsində aparıcı mövqeyi nəzərə alınarsa, bu əməkdaşlığın əhəmiyyəti daha da aydın görünür. Eyni zamanda, dost Pakistan ilə hərbi-texniki əməkdaşlıq, xüsusilə müasir döyüş təyyarələri ilə bağlı layihələr də bu sahənin güclənməsinə xidmət edir.

- Gələcək perspektivlər barədə nə deyə bilərsiniz?

- Bu gün hərbi aviasiya sahəsi yüksək texnologiyalar və peşəkar kadr potensialı tələb edən strateji istiqamətdir. Azərbaycanda həm maddi-texniki baza, həm də insan resursları ardıcıl şəkildə inkişaf etdirilir. Pilotsuz uçuş aparatlarının istehsalı və tətbiqi də bu sahədə yeni imkanlar açır. Hesab edirəm ki, İlham Əliyev rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycan Hərbi Hava Qüvvələri gələcəkdə daha da güclənəcək və regionda lider mövqeyini qoruyub saxlayacaq.